Ən primitiv rasiyonal təkanlara dayanan davranışlarınız kimi, cəsarəti də formalaşdıran canlı gerçəkləriniz olmalıdı. Motivasiya – təsiri qısa müddətlik vizual “nəşə” rolunu oynayır. Şüursuz cəsarət oyandıran bütün vasitələrlə atılan böyük addımların izini, zamanla dərin depressiya tutur.

Nəzərinizə çatdırım ki, bu sözü təşviqedici bir əsasa ehtiyacınız var kimi deyil, sizin cəsarətinizi zamanla ərsəyə gətirən intuitiv təcrübələr, canlı gerçəklər kimi deyirəm. Hansı ki o kənardan əldə olunan, qazanılan deyil, insanın özündə zamanla öyrəndiyi, tanıdığı, beləcə öz xaricində şahidi olduğu bir şeydi. Hamı nəyəsə cəsarətini eyni şəkildə göstərir, amma heç vaxt onunla eyni şeyi ifadə etmir. Məzmunu bir, eyni anlaşılan şeyə, hamının dərinlərdə fərqli bir münasibəti, təşviqi olur. Əgər cəsarət özünü ifadə etməyin ən gözəl şəklidirsə, sizin təbiətinizlə yaxından-uzaqdan heç bir əlaqəsi olmayacaq bir şey üçün hansı mesajınız ola bilər ki?. Bu biraz rus ədəbiyyatçısı Çexovun deyimi ilə: “alim olmamış ehtiram gözləməyə” bənzəyir.

Cəsarət məktub ötrüyü deyil, o məktubun özüdü. Onunla çatdırmağı istədiyiniz şeyləri, özü gəlib tamamlayacaq.

Kifayət qədər sizdən xəbər verən bir vasitədi, çatdırmaq istədiyiniz mesaj üçün cəsarət.

 

Ümid eləyirəm çox vaxt başa düşülənin əksinə, onun nə qədər inviduallıq barındıra bildiyi, açar əhəmiyyəti daşıdığını və ehtiyac duyulan, tələb olunan şeyin də bu baxımdan əslində cəsarət ola bilməyəcəyini deyə bildim. Hansı ki, yalnız bu cəsarət ifadə etmək xaricində insanın özü ilə üzləşməyi ola bilərdi.

İndi gələk, haqqında tez-tez eşitdiyimiz kütləvi informasiya resursları, mediada, konferans və seminarlar təşkil edilib bol-bol danışılan, təbliğ olunan o cəsarətə, cəsarətsizliyə. Özgüvənsizlik, motivasiya ehtiyacı – bunlar hamısı özfərqindəlik əksikliyindən meydana çıxmış, diskriminasiyalardı. Bu kimi insanın intusiyasına yad təkrarlanan affirmasiyalar, qondarma motivasiya və özgüvən təlkinlərinin – mümkün nəticəsi, o uğurun qaçınılmaz qırılmaya məruz qalması, bu baş verməsə belə nəticənin istənildiyi kimi mənzərə yaratmaması, təkrarlayıcı uğursuzluq halında isə yaradacağı tükənmişlik sindromundan dolayı dərin depressiya, ümidsizliyə aparacaq qədər böyük təhlükə daşıya bilər.

Beləcə çox zaman içdən-içə “özgüvənsiz” qalan, özlərinə qarşı kompleksləri gizlətməyə çalışanlar həmişə başqalarına qarşı lovğalığa meyilli olur. Adam özündə nəyi əksik his edirsə, başqasına qarşı həmişə o şey dilində topuq vurur. Birdə gördüyüm qədərincə ən qəribəsi də, natamam olmaları, başqalarının həyatında yaşanan uğursuz olaylardan içdən içə tətmin olmalarına səbəb olur. Biruzə verməsələr də.

Özünü bilməyən, özü ilə hesablaşmamış adam üçün əldə edəcəyi uğur hansı dərəcə ona doğma, ona aid ola bilər?. Bəs özü barəsində bir şeyin nəticəsini öncədən bilməkdən daha böyük özgüvən, nə verə bilər insana? – nəticədən asılı olmayaraq!

Özgüvən – inam, qorxu, ümid, bunlar fərqli şeylər olsa da, mahiyyətləri eynidi. İnsan yanlız əmin olmadığı bir şeyə inanır, bilmədiyindən qorxur, nəticəsi naməlum olana ümid edir. O ki, bir şeyi biləndə, bunların heç birindən “əsər-əlamət” qalmır. Özgüvən də informasiya yetərsizliyindən, öz şəxsi imkanlarına qarşı natamam baxışdan yaranır. Bu, bilmədiklərinin yaratdığı boşluğu dolduran qorxu hissini, inancla əvəzləməyə cəhd etməkdi. Mən deyim aldatması, siz deyin insanın özünü bilmədiyi şeyə inandırması. Rinqin küncünə çıxıldığı zaman, hər iki boksçu motivasiya dolu hazır olur. Amma yalnız, biri qazanır. Qısası mahiyyətcə motivasiya, ümidsizlik kimi eyni şeydi. Bunlar adamdakı özfərqindəlik əksikliyindən yaranan “xarakterik ehtiyacın” düşdüyü emosional situasiyalardı. Uğursuzluğun sizi ruhdan salmasının səbəbi, uğurunuz da özünə inama olan düşkünlükdü. Keçirdiyiniz məyusluqla, özünə inamınız düz mütənasibdi. Hansı ki üzləşdiyin vəziyyətlərə qarşı əhvalındakı balansı nə qədər qorusan, motivasiya meylində bir o qədər azalar.

Beləcə deyə bilərik – özgüvənli yaxud özgüvənsiz oldun, nəticə etibarilə bunların heç bir əhəmiyyəti yoxdur. Mahiyyətincə son vəziyyətində: sən nəsənsə, eləcə o san.

Bir sözlə desək, bu işdə məlum olan bir şey var, o da naməlumdu